Hüquqi yardım

İkili vətəndaşlıq və iki vətəndaşlıq nə ilə fərqlənir?
25 May

İkili vətəndaşlıq və iki vətəndaşlıq nə ilə fərqlənir?

İkili vətəndaşlıq nədir? Azərbaycan Respublikasında ikili vətəndaşlıq qanunvericiliyi necə tənzimlənir? İkinci vətəndaşlığın hüquqi nəticələri və Azərbaycanda vətəndaşlığın bərpası prosesi barədə ətraflı məlumat. Hüquqi dəstək üçün maksimumlegal.az ilə əlaqə saxlayın.

İkili vətəndaşlıq nədir?

İkili vətəndaşlıq — bir şəxsin iki ölkənin vətəndaşı olması və hər iki ölkənin bu statusu rəsmi olaraq tanımasıdır.

İkili vətəndaşlıq yalnız ölkələr arasında ikitərəfli saziş olduqda mümkündür.

Azərbaycan Respublikası ikili vətəndaşlığı tanımır. Azərbaycan Respublikasının Vətəndaşlıq Haqqında Qanunun 10-cu maddəsinə əsasən:

Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

Lakin digər ölkələrdə “ikili vətəndaşlıq” anlayışı mövcuddur. Məsələn, 2025-ci ilə olan vəziyyətə görə, Rusiya Federasiyası Tacikistan ilə ikili vətəndaşlıq barədə müqaviləyə malikdir.

İkili vətəndaşlığı olan şəxslərin hüquqları:

  • Hansı ölkədə hərbi xidmət keçəcəyini seçmək;
  • Uşaqları doğuş hüququ ilə hər iki ölkənin vətəndaşlığını ala bilər.

İkinci vətəndaşlıq nədir?

İkinci vətəndaşlıq — bir şəxsin öz ölkəsinin vətəndaşı olmaqla yanaşı, başqa bir ölkənin də vətəndaşlığını almasıdır. Lakin bu halda ölkələr vətəndaşı yalnız öz ölkəsinin vətəndaşı kimi tanıyır və həmin vətəndaşın digər ölkə qarşısında olan hüquq və vəzifələri tanınmır.

Misal üçün: əgər şəxs həm Rusiya, həm də Azərbaycan vətəndaşıdırsa, onun Rusiya Federasiyasında hərbi xidmət keçməsi həmin şəxsi Azərbaycanda hərbi xidmətdən azad etmir.

İkinci vətəndaşlığın alınması nə ilə nəticələnə bilər?

Vətəndaşlıq Haqqında Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.

Lakin qanunvericilikdə bu məlumatın verilməməsinə görə məsuliyyətlə bağlı konkret bir cəza nəzərdə tutulmamışdır.

Vətəndaşlıq Haqqında Qanunun 18-ci maddəsinə əsasən, şəxsin digər ölkənin vətəndaşlığını könüllü qəbul etməsi Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsas sayılır.

Hazırkı geopolitik şəraitdə Miqrasiya orqanları bu maddəyə əsaslanaraq, Rusiya və Ukrayna vətəndaşlığına malik şəxslərin vətəndaşlığın bərpası müraciətlərini rədd edirlər.

Lakin bu imtina qərarları məhkəmədə mübahisələndirilə bilər və nəticədə Azərbaycan vətəndaşlığının bərpası mümkündür.

Tövsiyə: Belə hallarda miqrasiya sahəsində ixtisaslaşmış hüquq şirkəti və ya miqrasiya üzrə vəkillə əlaqə saxlayın.

#İkili vətəndaşlıq İkinci vətəndaşlıq Azərbaycan vətəndaşlığı Vətəndaşlıq qanunvericiliyi Azərbaycanda İkili vətəndaşlıq Azərbaycan İkinci vətəndaşlıq hüquqları Vətəndaşlığın bərpası Azərbaycanda Xarici vətəndaşlıq və Azərbaycan Vətəndaşlığın itirilməsi səbəbləri Miqrasiya qanunvericiliyi Azərbaycanda Hüquqi dəstək vətəndaşlıq məsələləri Azərbaycan vətəndaşlığı qanunu İkili vətəndaşlıq müqavilələri Hərbi xidmət və vətəndaşlıq Miqrasiya xidməti vətəndaşlıq

Şərhlər

  • Azimova Ilhame 2025-12-13 12:03:29

    Turkiyede evliyem Vetendasligi qebul etsem Azerbaycan Vetendasi olmagi itiriremmi? Azerbaycanda evim var

    Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan vətəndaşı başqa dövlətin vətəndaşlığını könüllü qəbul etdikdə Azərbaycan vətəndaşlığına xitam verilə bilər. Vətəndaşlığın itirilməsi faktı daşınmaz əmlak hüququna təsir etmir, yəni Azərbaycan vətəndaşlığından çıxma halında da Azərbaycandakı eviniz sizin mülkiyyətinizdə qalır. Vəkil Qulam İsmayılzadə
  • Türkan isgəndərli 2026-01-12 13:30:00

    12 yaşında olarkən Azərbaycan vətəndaşı olan bir şəxs Böyük Britaniya vətəndaşı ailə tərəfindən rəsmi qaydada övladlığa götürülərək İngiltərəyə aparılıb və orada daimi yaşayıb. Hazırda 29 yaşı var və Böyük Britaniya vətəndaşıdır. Azərbaycan pasportu və şəxsiyyət vəsiqəsinin müddəti uzun illərdir bitib. 18 yaşı olarkən Bakıda doğulduğu və qeydiyyatda olduğu ünvana hərbi çağırış sənədi gəlib, lakin bundan sonra heç bir tədbir görülməyib. Sonrakı illərdə Azərbaycan Respublikasına 10–15 dəfə gəlib-gedib və heç bir problem yaşamayıb. Hazırda isə deyilir ki, Azərbaycana gələrsə, hərbi xidmətə aparıla bilər. Səfirlik bildirir ki, hərbi yaşda olduğu üçün Azərbaycan vətəndaşlığından imtina edə bilməz, həmçinin 30 yaşdan sonra belə ölkəyə risksiz giriş üçün 1 il gözləmək tələb oluna bilər. Bu halda: • Övladlığa götürülmə faktı nəzərə alınmaqla Azərbaycan vətəndaşlığından imtina mümkündürmü? • Hərbi xidmət riski olmadan ölkəyə gəlmək üçün hansı hüquqi yollar mövcuddur?

    Övladlığa götürülmə və uzunmüddətli xarici vətəndaşlıq faktı avtomatik olaraq Azərbaycan vətəndaşlığını ləğv etmir, hərbi yaş dövründə isə vətəndaşlıqdan imtina faktiki olaraq qəbul edilmir. Risksiz yol ya 30 yaş tamam olduqdan sonra hərbi öhdəlikdən çıxarılmanı rəsmi sənədlə təsdiqlətmək, ya da konsulluq vasitəsilə vətəndaşlıq statusunu və hərbi vəziyyətini əvvəlcədən rəsmi şəkildə aydınlaşdırmaqdır. Bu addımlar olmadan təhlükəsiz girişə zəmanət verilmir. Vəkil Qulam İsmayılzadə
  • Rahil Salmanov 2026-02-21 10:47:39

    Salam. Rusiya vətəndaşı olan xanım, 2 yeniyetmə övladı var, 18 yaşına çatmayıblar. Azərbaycana dönmək istəyirlər, və vətəndaşlıq almaq istəyirlər . Bunun üçün məhkəməyə müraciət edilməlidir?

    Azərbaycanda uşaq və ya yeniyetmələrə vətəndaşlıq verilməsi üçün müvafiq prosedur Dövlət Miqrasiya Xidmətinə müraciət yolu ilə həyata keçirilir. Ana və uşaqların vətəndaşlıq almaq hüququ, Azərbaycan qanunvericiliyinə əsasən, miqrasiya orqanları tərəfindən yoxlanılır və qərar verilir. Vəkil Qulam İsmayılzadə
  • Huseynova Ramile 2026-03-12 09:04:05

    Salam. Men yoldasim ikili vetandasiq Russia, Azerbaycan. Usaqlar az yaslidir . borinin 10, balacanin 7 yasli var. Usaqlar Russia vetandasidir. Azerbaijan vetandasligini goture bilermi?

    Bəli Vəkil Qulam İsmayılzadə
  • Mehemmed Mehemmedov 2026-04-01 20:12:16

    Salam men Azerbaycan vetendaşıyam 22 yaşım var Türkiyede telebeyem , Burada evlenerek vetendaşlıq alsam ve burada qalsam esgerliyimi Azerbaycan yerine Türkiyede etme şansım var?. yada vetendaşlığı qebul etsem türkiyede , Azerbaycan vetendaşlığından çıxma şansım var?.yada esgerlik etmeden 30 yaşımadek burada evlenib yaşasam sonra Azerbaycana qayıtsam bir problem yaşayaram?

    Siz Türkiyədə evlənməklə avtomatik Azərbaycan vətəndaşlığından çıxmırsınız. Türkiyə vətəndaşlığını qəbul etsəniz, Azərbaycan qanunvericiliyinə görə ikili vətəndaşlıq mümkündür, amma hər iki ölkənin qanunları nəzərə alınmalıdır. 30 yaşa qədər xidmət etmədən yaşayırsınızsa, ölkəyə qayıdanda müəyyən inzibati məsuliyyət yarana bilər Vəkil Qulam İsmayılzadə
  • Mehemmed mehemmedov 2026-04-03 00:39:32

    Mən Türkiyədə Vətəndaşlıq alıb evləndikdən sonra əsgərliyimi Türkiyədə edə bilərəm mi? və bunu Azerbaycan qəbul edir?

    Azərbaycan vətəndaşlığından rəsmi qaydada çıxmadığınız müddətdə hərbi xidmət öhdəliyi qalır. Vəkil Qulam İsmayılzadə
  • Gedebey 2026-04-27 09:27:54

    Salam.men ve yodasim hem rus hemde Azerbaijan vetendasyaq iki terefli veten dasligmiz var .6 ve 4 yasli evladmiz rus vetendasidir usaqlari muveqeti qeydyata salmaga eytyac varmi.

    Azərbaycanda uzunmüddətli qalma, uşaq bağçası/məktəb və rəsmi xidmətlər üçün adətən müvəqqəti yaşayış qeydiyyatı (qeydiyyata alınma) lazım olur. Vəkil Qulam İsmayılzadə
  • Lala Hasanova 2026-05-01 12:19:45

    Bizim ailenin iki vetendasligi var. Hem Rusiya,hem de Azerbaycan. Biz indi nece ayird ede bilerik?IKILI vetendasligimiz var, yoxsa IKINCI vetendasligimiz var?

    Azərbaycan qanunvericiliyinə görə “ikili vətəndaşlıq” rəsmi tanınmır, yəni siz eyni anda həm Azərbaycan, həm də Rusiya vətəndaşı ola bilərsiniz, lakin Azərbaycan tərəfdən bu, ikitərəfli (ikili) vətəndaşlıq kimi qəbul edilmir və sadəcə Azərbaycan vətəndaşlığı üstün hüquqi status sayılır Vəkil Qulam İsmayılzadə
  • Afaq 2026-05-03 19:25:37

    Salam men 7 ay olar kim İngiltere vetendaşlıqını almişam aileliyem orda men Azerbaycan vetendaşlğımda da qala bileremmi? Bu haqda hec bir yere melumat vermemişem

    Azərbaycan qanunvericiliyinə əsasən başqa dövlətin vətəndaşlığını qəbul edən şəxs bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Azərbaycan “ikili vətəndaşlığı” tanımır. Vətəndaşlığa xitam verilməsi yalnız səlahiyyətli orqanın (Prezidentin) qərarı ilə həyata keçirilir. Vəkil Qulam İsmayılzadə
  • Asif Məhərrəmov 2026-05-06 20:56:02

    Salam başqa bir ölkənin vətəndaşlığını əldə etdikdə avtomatik çixarılıram Azərbaycan vətəndaşlığından ? Və ya Azərbaycan pasportu və vəsiqəsini asan xidmətdə dəyişə bilərəm istənilən vaxt ?

    Xeyr, başqa dövlətin vətəndaşlığını əldə etmək Azərbaycan vətəndaşlığının avtomatik itirilməsi demək deyil. Vətəndaşlığa xitam yalnız səlahiyyətli dövlət orqanının (Prezidentin) qərarı ilə mümkündür. Azərbaycan pasportu və şəxsiyyət vəsiqəsi isə vətəndaşlıq qüvvədə olduğu müddətdə adi qaydada ASAN Xidmət vasitəsilə dəyişdirilə bilər. Vəkil Qulam İsmayılzadə
  • Sevil 2026-05-26 10:13:32

    Salam Həm Rusiya həm də Azərbaycan vətəndaşlığı olan şəxs Azərbaycanda rəsmi dövlət işində işləyə bilərmi?

    Bəli, ikili vətəndaşlığı olan şəxs Azərbaycanda bir çox dövlət qurumlarında işləyə bilər. Vəkil Qulam İsmayılzadə
  • Aygun Rzayeva 2026-06-01 10:07:47

    salam. Russiya vetandasligi ala bilerem

  • Lena Memmedova 2026-07-04 09:52:12

    Salam.hem rus hem Azerbaycan pasaportu olanlar Azerbaycana gelib qayidan vaxt 5 illik deport ola biler yoxsa cerime odemek lazimdir?

    Aleykum salam. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, eyni zamanda başqa dövlətin (o cümlədən Rusiya) vətəndaşlığı olan şəxs Azərbaycan ərazisində **yalnız Azərbaycan Respublikasının vətəndaşı** kimi tanınır; bu səbəbdən ölkəyə daxil olarkən və çıxarkən Azərbaycan pasportundan istifadə edilməlidir. Azərbaycan vətəndaşının ölkədən deportasiya olunması və ya ölkəyə girişinə 5 illik qadağa (deport) qoyulması hüquqən mümkün deyildir; lakin başqa dövlətin vətəndaşlığını qəbul etməyiniz barədə 1 ay müddətində Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməmisinizsə, İnzibati Xətalar Kodeksinin 560-cı maddəsinə əsasən **300 manatdan 500 manatadək cərimə** edilə bilərsiniz (bundan əlavə, Rusiya pasportu ilə ölkədə qalma müddəti və ya miqrasiya qaydaları pozulduqda yalnız müvafiq inzibati cərimələr tətbiq olunur). Vəkil Qulam İsmayılzadə
  • Ayla 2026-07-20 02:26:28

    Salam! Oğlum dünyaya gələndən rus vətəndaşı olub.4 il əvvəl Azərbaycana gəldikdən sonra Azərbaycanda şəxsiyyət vəsiqəsi aldı.İndi isə Azərbaycan Beynəlxalq pasportunu götürdü .Hal hazırda 17 yaşı var, Rusiyaya getdi .Bu halda o həm Azərbaycan, həm də rus vətəndaşı sayılır? Rusiyada onu hərbi xidmətə apara bilərlərmi? Uşaq bu il Azərbaycanda 11-ci sinifdə oxuyacaq.

    Aleykum salam. Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında Qanuna əsasən ikili vətəndaşlıq tanınmır və ölkəmiz şəxsi yalnız Azərbaycan vətəndaşı kimi qəbul edir, lakin Rusiya Federasiyası da öz ərazisində onu yalnız Rusiya vətəndaşı hesab edir (iki vətəndaşlıq); hazırda oğlunuzun 17 yaşı olduğu üçün hələ çağırış yaşına (18 yaş) çatmayıb və bu səbəbdən dərhal hərbi xidmətə aparıla bilməz, lakin Rusiyada hərbi uçota alınma (ilkin hərbi qeydiyyat) öhdəliyi yaranır. Rusiya qanunvericiliyinə görə 18 yaşı tamam olduqdan sonra Rusiya ərazisində olarsa çağırışa cəlb edilə bilər; övladınızın 11-ci sinifdə oxuduğunu nəzərə alaraq məktəbdən arayış təqdim edərək möhlət hüququ almaq və ya 18 yaşı tamam olana qədər (və hərbi yaş dövründə) Rusiyaya səfər etməmək tövsiyə olunur. Vəkil Qulam İsmayılzadə
  • Tural Sabirli 2026-07-31 00:33:53

    Salam alekum bir mesele baresinde melumat almaq isteyirdim 2025 ci ilde oglum Azerbaycanda dünyaya gelib Azərbaycan doğum hakkinda şehadetnameside var biz onun uçun kimlik almadan anasi rus vetendaşidi deye rus vetendaşliqi aldiq indi kimlik almaq isteyirik ama verilmir deyirler ama qanunda almaq olar deyilir miqrasiya ise verilmir deyilir bu ne derecede düzgündür ve hara muraciet etmek lazimdi?

    Salam. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanuna əsasən, övladınız başqa dövlətin (Rusiya) vətəndaşlığını qəbul etdiyi üçün o, avtomatik olaraq Azərbaycan vətəndaşlığını itirir və eyni zamanda ikili vətəndaşlıq tanınmadığı üçün ona Azərbaycan şəxsiyyət vəsaitəsi (kimlik) verilmir; miqrasiya orqanının imtinası qanunauyğundur. Övladınızın Azərbaycanda qanuni qalması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edərək xarici vətəndaş kimi müvəqqəti və ya daimi yaşama icazəsi (MYİ/DYİ) almalı, gələcəkdə isə arzunuza uyğun olaraq uşağın Azərbaycan vətəndaşlığına qəbul edilməsi və ya bərpası üçün müvafiq qaydada müraciət etməlisiniz. Vəkil Qulam İsmayılzadə
  • Rufet 2026-08-13 18:19:35

    Mən Türkiyədə hərbi üniversitet oxuyuram Azərbaycandan göndəriblər Dövlət.Mən türk vətəndaşlığını alsam (ala bilirəm) mən orda işləyə bilərə?.azərbaycan ordusundan çıxıb çünki orduda xidmət etmək üçün həmin ölkənin vətəndaşı olmalısan.Azərbaycanda Hərbi xidmət öhdəliyi dən azad ola bilirəm?

    Azərbaycan Dövləti tərəfindən xaricə hərbi təhsil almağa göndərilən şəxslər ilə Müdafiə Nazirliyi arasında xüsusi öhdəlik müqaviləsi bağlanılır və təhsil başa çatdıqdan sonra müəyyən olunmuş müddətdə (adətən 5-10 il) Azərbaycan Ordusunda xidmət etmək öhdəliyi yaranır. Dövlət xətti ilə təhsil aldığınız üçün icazəsiz başqa ölkənin vətəndaşlığını qəbul etmək və xidmətdən imtina etmək müqavilə şərtlərinin pozulması hesab olunur və bu halda dövlətin sizin təhsilinizə çəkdiyi bütün xərclərin (təqaüd, təminat, təhsil haqqı) gəri ödənilməsi, habelə hüquqi/intizam məsuliyyəti yaranır. Həmçinin başqa ölkənin vətəndaşlığını almaq sizi Azərbaycan Respublikası qarşısında hərbi mükəlləfiyyətdən avtomatik azad etmir; Azərbaycan qanunvericiliyinə əsasən başqa ölkənin vətəndaşlığı qəbul edildikdə bu barədə 1 ay ərzində aidiyyəti dövlət orqanlarına məlumat verilməlidir və yalnız Azərbaycan vətəndaşlığına xitam verildikdən sonra hərbi mükəlləfiyyət məsələsinə baxıla bilər. Vəkil Qulam İsmayılzadə
  • Ələmdar Məsimov 2026-08-27 15:08:04

    Mən öyrənmək istiyerdimki mən özüm rus vetendasiyam ancaq doğum haqqinda şəhadetnamem Azerbaycandir. men Azerbaycan vetendasligi ala bileremmi

  • Ələmdar Məsimov 2026-08-27 15:12:00

    Mən öyrənmək istiyerdimki mən özüm rus vetendasiyam ancaq doğum haqqinda şəhadetnamem Azerbaycandir. men Azerbaycan vetendasligi əldə bileremmi

Şərh yaz